Türkiyədə istehsal olunan neft koksunun 37 %-i STAR NEZ-in payına düşür

Energetika
  • 28 oktyabr, 2024
  • 13:57
Türkiyədə istehsal olunan neft koksunun 37 %-i STAR NEZ-in payına düşür

Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 47 min 463 tondan çox neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə 28 min 207 ton və ya 37,3 % azdır.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 129 min 064 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 22 min 024 ton və ya 14,6 % azdır. Türkiyədə istehsal olunan neft koksunun 36,8 % STAR zavodunun payına düşür.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.