Türkiyə "Türk axını"nın marşrutunu müəyyənləşdirib

Türkiyə "Türk axını"nın marşrutunu müəyyənləşdirib İran qazı da bu kəmərlə Avropaya nəql oluna bilər
Energetika
4 İyun , 2015 15:10
Türkiyə Türk axınının marşrutunu müəyyənləşdirib

Bakı. 4 iyun. REPORT.AZ/ Rusiya qazını Türkiyə ərazisindən Avropaya daşıyacaq "Türk axını" layihəsində marşrutun keçəcəyi ərazinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı işlər yekunlaşıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız marşrutun Türkiyədən keçəcək 190 km-lik hissəsinin koordinatlarının imzalanma mərhələsində olduğunu bildirib.

"Report"un məlumatına görə, nazir deyib ki, "Türk axını" ilə bağlı imzalanmaq üçün sənədlər hazırlanır.

"Xarici İşlər Nazirliyi koordinatlarla bağlı yeni yazışma aparıb. Bolqarıstandan Türkiyəyə dönən hissə, Türkiyədən keçəcək 190 km-lik hissənin koordinatları var. Yekun razılaşma əldə olunduqdan sonra rusların təklif etdiyi müqaviləyə əsasən kəmərin marşrutu Şərqi Qara dənizdən başlayıb Türkiyəyə gələcək", - T.Yıldız qeyd edib.

Nazir Qərbin bunu bir meydan oxuma olaraq qəbul etdiyini deyib: "Bu, Avropanın qaza olan tələbatını qarşılayacaq əsas kəmərlərdən biri olacaq. Rusiya 63 mlrd. kubmetr qaz ötürülməsini həyata keçirəcəyini deyir".

T.Yıldız yerli kömürdən imtinanın ölkələrinə xəyanət olacağını deyərək, qəzaların qarşısının alınmasının vacibliyini bildirib: "14 mlrd. ton aşkarlanmış ehtiyat var. Dünya bunu iki ildə çıxarır. Deyək ki, biz 100 ildə çıxararıq. Bugünkü dəyəri 7 trln. dollar, 100 ildə 5 trln. dollar olsa belə, bu dəyərdən imtina etməməliyik. Əgər yerli kömürdən imtina etsək, başqa əvəzləyici almaq lazımdır".

İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə müdiri Əzizullah Ramazani isə İranın təbii qazını Avropaya daşımaq üçün "Türk axını"ndan istifadə edə biləcəyini deyib. O, İranın təbii qaz transferi üçün 5-6 marşruta sahib olduğunu deyib: "Qazımızı Avropaya daşımaq üçün "Türk axını"nından yararlana bilərik. Bu mümkündür, ancaq bununla bağlı hələ görüşmələr aparılmayıb. Rusiya və Türkiyənin boru xətlərinin Avropaya çatdığı nöqtə, eyni zamanda, İran boru xətlərinin Avropaya çatdığı nöqtə ola bilər".

İran qazının Avropaya nəqli üçün Türkiyə ilə yanaşı, Qara dəniz, Suriya, İraq və Aralıq dənizi marşrutlarının da dəyərləndirildiyini deyən Ə.Ramazani İrana Avropa ölkələri tərəfindən qoyulan sanksiyaların aradan qaldırılmasından sonra görüşlər üçün ilk addımın atılacağını deyib. O, marşrutla bağlı qərarın sanksiyaların aradan qaldırılmasından sonra veriləcəyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi