Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyənin Rumıniyaya yeni təyin edilən səfiri Osman Koray Ertaş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyində olub.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, qonağa SOCAR-ın fəaliyyəti, həyata keçirdiyi iri layihələr barədə geniş məlumat verilib.
Səfirə bildirilib ki, hazırda Rumıniyanın 13 regionunda SOCAR brendi ilə 30 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. O.K.Ertaş şirkətin Rumıniya bazarında əldə etdiyi uğurları yüksək qiymətləndirib və diplomatik fəaliyyəti müddətində SOCAR ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.
Qeyd edək ki, görüşdə Rumıniyada fəaliyyət göstərən Türk İş Adamları Dərnəyi və Türkiyənin sərmayə qoyduğu aparıcı şirkətlərin rəhbərləri də iştirak ediblər.




