Türkiyə ilə Azərbaycan arasında qaz alqı-satqısı ilə bağlı danışıqlar davam edir
- 01 may, 2024
- 10:52
Türkiyə Azərbaycanla qaz alqı-satqısı ilə bağlı danışıqları davam etdirir.
"Report" xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
“Boru kəməri və mayeləşdirilmiş təbii qaz (LNG) (idxal) müqavilələrimizin yenilənməsi üzrə irəliləyirik ki, müqavilələrin 70-80 %-ni uzunmüddətli əsasda, qalan hissəsini isə spot bazar vasitəsilə təmin edək. Eyni zamanda, Rusiya, Azərbaycan və İranla danışıqlarımız davam edir”, - o bu barədə "Sabah" qəzetinə müsahibəsində bildirib.
Bundan əlavə, nazir qeyd edib ki, Türkiyə ABŞ-nin “ExxonMobil” şirkəti ilə 4 milyard kubmetrədək LNG-nin alınması üçün müqavilə bağlamaq imkanını müzakirə edir: “Exxon”a gəlincə, indiyədək ABŞ ilə yalnız spot əsasda işləmişik. Başqa sözlə, ucuz LNG var idi. Biz qazı qışa, onun sonuna yaxın alırdıq. İndi isə LNG-nin alınması üçün 5-10 il müddətinə müqavilə bağlaya bilərik. Hazırda biz təxminən 4 milyard kubmetr və daha kiçik həcmdə alqı-satqı müqaviləsini müzakirə edirik”.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2021-ci ilin üçüncü rübündə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsindən 11 milyard kubmetr təbii qazın alqı-satqısına dair yeni saziş imzalayıb. Saziş 2024-cü ilin sonuna qədər (2021-ci ilin dördüncü rübü - 2024-cü il) "Şahdəniz-1"dən hər il 3,7 milyard kubmetr qazın tədarükünü nəzərdə tutur. Müqavilə çərçivəsində tədarüklər 2021-ci il oktyabrın 1-dən başlayıb.