Bu ilin fevral ayında Türkiyə Azərbaycandan 966 milyon kubmetr təbii qaz idxal edib.
“Report”un məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) açıqladığı aylıq hesabatda deyilir.
Məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 12,4 % çoxdur. Bununla da Azərbaycan fevral ayında Türkiyəyə ən çox həcmdə təbii qaz ixrac edən ikinci ölkə olub.
Bu ilin fevral ayında ümumilikdə Türkiyə ölkəyə 6 mlrd 2 mln kubmetr təbii qaz idxal edib. Bu da 2020-ci ilin fevral ayının göstəriciləri ilə müqayisədə 14 % artım deməkdir.
Belə ki, ölkəyə idxal edilən təbii qazın 4 mlrd 150 mln kubmetri boru kəmərləri ilə, 1 mlrd 851 mln kubmetri isə LNG vasitəsilə ölkəyə tədarük edilib. Bu da 2020-ci ilin ikinci ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq boru kəmərləri ilə idxalda 51,5 % artm, LNG-də isə 26,6 % azalmaya bərabərdir.
Fevralda Türkiyəyə ən çox təbii qaz nəql edən ölkə Rusiya olub. Belə ki, həmin ay Rusiya Türkiyəyə 2 mlrd 375 mln kubmetr təbii qaz tədarük edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Türkiyəyə ən çox həcmdə təbii qaz tədarük edən üçüncü ölkə İran olub. Fevralda bu ölkədən Türkiyəyə 808 milyon kubmetr təbii qaz tədarük edilib ki, bu da illik müqayisədə 5,4 % çoxdur.