TRACECA-nın Buxarestdə keçirilən iclası başa çatıb

TRACECA-nın Buxarestdə keçirilən iclası başa çatıb Rəsmi Buxarest Avropa İttifaqına daxil olmayan ölkələrlə nəqliyyat və yükdaşımaları sahəsində əməkdaşlıqda maraqlıdır
Energetika
23 May , 2017 19:30
TRACECA-nın Buxarestdə keçirilən iclası başa çatıb
Report.az

Buxarest. 23 may. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin və Milli katiblərinin iclası keçirilib. 

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, toplantı Rumıniya parlamentinin inzibati binasında baş tutub. 

Tədbirin açılış mərasimində çıxış edən Rumıniya Nəqliyyat Nazirliyinin dövlət katibi Maria Magdalena Grigore bildirib ki, rəsmi Buxarest Avropa İttifaqına daxil olmayan ölkələrlə nəqliyyat və yükdaşımaları sahəsində əməkdaşlıqda maraqlıdır. TRACECA nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan dövlət katibi deyib ki, bu istiqamətdə həyata keçiriləcək layihələr regionun iqtisadi inkişafına təkan verəcək.

Sonra iclasın gündəliyində duran cari məsələlərin müzakirəsinə başlanılıb. 

TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev "Report"a bildirib ki, iclasda TRACECA nəqliyyat dəhlizinin gələcək inkişafı, bununla əlaqədar fəaliyyət planı, strateji yol xəritələri layihələri müzakirə olunub və təkliflər hazırlanıb. Bununla yanaşı, dövlətlərin üzvlük haqqının ödənilməsi, gələcəkdə həyata keçiriləcək layihələr və onların maliyyələşdirilməsi məsələlərinə də toxunulub. 

"Azərbaycan tərəfi təkliflə çıxış etdi ki, yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrdən biri Daimi Katibliyin maliyyə imkanları hesabına həyata keçirilsin” – A.Mustafayev söyləyib.

Yekunda gündəlikdə duran məsələlər üzrə tövsiyyələr qəbul edilib. Tədbir bu ilin sonunda keçiriləcək TRACECA-nın Hökumətlərarası Komissiyasının 13-cü iclasına hazırlıq xarakteri daşıyır. 

Qeyd edək ki, hazırda TRACECA Hökumətlərarası Komissiyasına Ukrayna sədrlik edir.