Torpaq zəbt etdi, polislər gələndə bacısının arxasında gizləndi

Torpaq zəbt etdi, polislər gələndə bacısının arxasında gizləndi Sabunçu rayonu Balaxanı qəsəbəsidə yerləşən mədən ərazilərində, neft kəmərlərinin mühafizə zonasında yaşayış evlərinin tikilməsi geniş vüsət alıb.
Energetika
14 Avqust , 2020 23:36
Torpaq zəbt etdi, polislər gələndə bacısının arxasında gizləndi

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən mədən ərazilərində, neft kəmərlərinin mühafizə zonasında yaşayış evlərinin tikilməsi geniş vüsət alıb.

"Report" xəbər verir ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi insanları mümkün qədər bu ərazilərdə məskunlaşmaqdan çəkindirməyə, onların təhlükəsizliyini təmin etməyə çalışır. Lakin bəzi insanlar mühafizəçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq neft sənayesinə aid torpaqlarda tikinti işlərini davam etdirirlər.

Sonuncu belə bir fakt Balaxanı qəsəbəsində Şəhər şossesi, döngə 5 ünvanında qeydə alınıb. Belə ki, Eyvazov Babək Məhəmməd oğlu 250 mm-lik Sabunçu-Böyükşor neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək qanunsuz tikinti işləri aparmağa cəhd edib. May ayından bəri ona müxtəlif vaxtlarda 10-12 dəfə xəbərdarlıq olunub ki, boru xəttinin mühafizə zonasında tikinti işləri aparmasın. Lakin o, hər dəfə işləri dayandırdığını bildirsə də, 5-10 gündən sonra tikintini davam etdirib. O, bu minvalla tikinti işlərini tamamlayıb evin dam örtüyünü vurmağı planlaşdırıb.

Avqustun 13-də gecə saatlarında Babək Eyvazovun qanunsuz tikinti işlərinə yenidən start verdiyini aşkarlayan mühafizəçilər Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib. Bundan sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əraziyə gələrək qanunsuz tikinti aparan ustaları və tikintinin sahibini 12-ci Polis Bölməsinə aparıb.

Bu gün həmin ünvanda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yeni tikilən hissələr sökülərək əvvəlki vəziyyətə gətirilib. Bu zaman Babək Eyvazov özü gizlənərək bacısı Sənubər Eyvazova və bir neçə qadını irəli buraxıb. Həmin qadınlar polis və mühafizəçilərə qarşı qadına yaraşmayacaq təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Onlar süni şəkildə münaqişə yaratmağa cəhd ediblər, əlindəki telefonu yerə çırpan Sənubər Eyvazova elə bir görüntü yaratmağa çalışıb ki, guya ona qarşı zor tətbiq edilir. Onların hərəkətlərinə reaksiya verilmədiyini görən Sənubər Eyvazova mühafizəçilərə hücum çəkib, onların xidməti avtomobilini daş-qalaq edib. Yaranan qarşıdurma nəticəsində SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Məmmədov Ruslan Polad oğluna və Səfərli Alim Bəhlul oğluna küt alətlərlə zərbələr endirilib. Ciddi xəsarət alan əməkdaşlar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, tibbi yardım aldıqdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb. Öz xidməti vəzifələrini icra edən SOCAR əməkdaşlarına qarşı törədilən qanun pozuntuları ilə bağlı hazırda hüquq mühafizə orqanlarında müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən isə neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xətləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi