Tbilisidə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres işə başlayıb

Tbilisidə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres işə başlayıb “Azərenerji”nin Energetika İnstitutunun baş mühəndisi Cəlaləddin Vəliyev konqresdə çıxış edib
Energetika
15 Fevral , 2017 12:10
Tbilisidə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres işə başlayıb

Tbilisi. 15 fevral. REPORT.AZ/ Bu gün Tbilisidə Xəzəryanı və Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin, məsul əməkdaşların və beynəlxalq maliyyə korporasiyalarının rəhbərlərinin iştirakı ilə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres işə başlayıb.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın energetika nazirinin müavini İlya Elaşvili tədbirdə çıxış edərək bildirib ki, bu gün dünyada, eləcə də regionda elektrik enerjisi istehsalında bir sıra problemlər yaşanır. Konqresin əsas məqsədlərindən biri də bu məsələləri müzakirə etməkdir.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə energetika sahəsində yeniliklər, iştirakçı ölkələrdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı, enerji təhlükəsizliyi, kiçik, orta və iri həcmli elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrini yaradılması, elektrik enerjisi mübadiləsi və s. məsələlər müzakirə olunur.

Tədbir çərçivəsində bəzi ölkələrdəki atom elektrik stansiyalarının yaratdığı problemlər də diqqət mərkəzində olub, bu cür stansiyalarının bağlanması ilə bağlı təkliflər səslənib.

Azərbaycan nümayəndə heyətinin üzvü, “Azərenerji”nin Energetika İnstitutunun baş mühəndisi Cəlaləddin Vəliyev konqresdə çıxış edib, ölkəmizdə əhalinin təhlükəsiz və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən layihələr, tikilən və tikilməkdə olan elektrik stansiyaları barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün Azərbaycan Respublikası üzrə “Azərenerji” ASC tərəfindən yerinə yetirilmiş işlər üzrə enerji sisteminin qoyuluş gücü 7 GVt təşkil edir.

İki gün davam edəcək konqres çərçivəsində energetika nazirlərinin görüşü də nəzərdə tutulub. Bu görüşlərdə energetika sahəsində beynəlxalq əməkdaşlıq, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrində investisiya layihələrinin effektiv həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Konqresdə Gürcüstan, Qazaxıstan, Rusiya, Azərbaycan, Türkiyə, Tacikistan, Qırğızıstan, Ermənistan və İranda iri və orta həcmli Su Elektrik Stansiyalarının tikintisi və modernləşdirilməsi ilə bağlı 40-a yaxın layihənin təqdimatı da olub. 

Son xəbərlər

Orphus sistemi