Tbilisidə enerji layihələrinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunur

Tbilisidə enerji layihələrinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunur Azərbaycanı SAM, BDU və "SOCAR Corgia Gas" şirkətinin nümayəndələri təmsil edirlər
Energetika
5 Dekabr , 2016 18:55
Tbilisidə enerji layihələrinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunur

Tbilisi. 5 dekabr. REPORT.AZ/ Tbilisidə NATO, Gürcüstanın İlya Universiteti və Litva Hərbi Akademiyasının birgə təşkilatçılığı ilə enerji layihələrinin, infrastrukturlarının təhlükəsizliyinə və perspektivlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, eləcə də NATO-ya üzv ölkələrin ekspertləri, müvafiq strukturlarının rəhbərləri iştirak ediblər. 

Konfransda ölkəmizi Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), Bakı Dövlət Universitetinin və "SOCAR Corgia Gas" şirkətinin nümayəndələri təmsil edirlər.

SAM-ın əməkdaşı Gülmirə Rzayeva tədbirdə çıxış edərək Azərbaycan qazının Türkiyə və Avropaya maneəsiz çatdırılması və təhlükəsizlik məsələləri ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan qazının Avropa bazarlarında böyük dəyişikliklərə səbəb olmayacağı barədə bəzi ekspertlərin fikirləri yanlışdır. 2018-ci ildə Azərbaycandan ixrac olunacaq 16 milyard kubmetr qazın 6 milyardı Türkiyənin, qalanı isə İtaliyadan keçməklə digər Avropa ölkələrinin tələbatını müəyyən hissəsini ödəməyə imkan yaradacaq.

Dünyada və regionda maliyyə böhranının yaşanmasına baxmayaraq, “Cənub Qaz Dəhlizi”nin maliyyələşməsi ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. Azərbaycan maliyyə resurslarından uğurla istifadə etməklə bu işin də öhdəsindən gəlir. “Şahdəniz” layihəsi ilə yanaşı, digər yataqların da işlənməsi qarşıya qoyulan məqsədlərə nail olmaqla yanaşı, “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini daha da artıracaq.

Qeyd olunub ki, 2020-ci ildə Türkiyənin uzunmüddətli layihələrinin bir neçəsinin müddəti başa çatır. Onların bəzilərinin yenidən imzalanması gözlənilmir. Yaxın illərdə Avropada da yeni mənbələrdən gələn təbii qaza böyük ehtiyac yaranacaq. Ona görə də yeni bazarların yaranması labüddür. Burada qiymətlərdə mühüm rol oynayacaq. Alıcıların sıxılmış və ya boru xətti ilə nəql olunacaq mavi yanacağa üstünlük verməsi qiymətlərin dəyişməsinə səbəb olacaq.

Bakı Dövlət Universitetinin professoru Bəxtiyar Aslanbəylinin moderatorluğu ilə keçirilən panel iclasında da enerji daşıyıcılarının təhlükəsizliyi diqqət mərkəzində olub.

"SOCAR Gas Export-İmport" şirkətinin direktor müavini Temur Caparidze "Şahdəniz-2” layihəsinin perspektivlərindən danışıb. Bildirilib ki, bu layihə təkcə Azərbaycanın, Gürcüstanın və Türkiyənin deyil, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. O, “Cənub Qaz Dəhlizi”nin tikintisi ilə əlaqədar Azərbaycan və Gürcüstan ərazilərində görülən işlərdən danışı, layihə ilə əlaqədar lazımi maliyyə vəsaitinin ayrıldığını diqqətə çatdırıb. Eyni zamanda, TANAP və TAP-la əlaqədar görülən işlərdən danışıb.

Bildirilib ki, ümumiyyətlə, “Şahdəniz-2” layihəsinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. İlkin mərhələdə bu layihə çərçivəsində 16 milyard kubmetr təbii qaz nəql olunacaq. Bunun da 6 milyardı Türkiyənin ehtiyaclarının ödənilməsinə, qalanı isə İtaliya və digər Avropa ölkələrinə çatdırılacaq. Layihənin tam gücü ilə işləməsi 2020-ci ildə nəzərdə tutulub. Əlavə resurslar əldə olunduqdan və işləndikdən sonra bu dəhliz ilə təbii qazın nəqlinin həcmi 30 milyard kubmetrə çatdırıla bilər.

Bildirilib ki, bu layihənin tam reallaşdırılması üçün 28 milyard dollar investisiya nəzərdə tutulub və bunun da 15 milyardı artıq istifadə edilib.

Sonra məruzə ətrafında çıxışlar olub. T.Caparidze iştirakçıların suallarını cavablandırıb.

Konfrans işini sabah davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi