Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri Konsorsiumu (TAP AG) öz əməliyyat fəaliyyəti üçün tələb olunan qazın, o cümlədən kompressor stansiyalarının yanacaq təchizatı üçün satınalınması məqsədilə tender elan edəcək.
Bu barədə “Report” konsorsiuma istinadən xəbər verir.
Tender çərçivəsində qazın tədarük dövrü 2025-cü il oktyabrın 1-dən 2027-ci il sentyabrın 30-dək nəzərdə tutulub. Eyni zamanda, bu müddətin 2028-ci il sentyabrın 30-dək uzadılmaq imkanı var.
TAP-ın Virtual Ticarət Nöqtəsi (VTP) sabit nəqliyyat tutumuna sahib olan TAP daşıyıcıları üçün müvafiq dövr ərzində əlçatan olacaq. Melendugno, Nea Mesimvria və ya Komotini birləşmə nöqtələri isə fasiləli nəqliyyat tutumunu sifariş edən TAP daşıyıcıları üçün açıq olacaq. Bundan əlavə, TAP-ın qəbul terminalında istifadə olunan qazın yenidən çatdırılması üçün İtaliyanın Melendugno qarşılıqlı əlaqə nöqtəsi nəzərdə tutulur.
Xatırladaq ki, 2021-ci ildə aparılan bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək boru kəmərinin illik ötürücülük gücünü 10 milyard kubmetrdən əlavə olaraq 1,2 milyard kubmetr artırmaq öhdəliyi götürüblər.
Daha əvvəl TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) “Report”a müsahibəsində bildirmişdi ki, bu genişləndirmə layihəsinin ilk mərhələsi TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir və onun büdcəsi təxminən 132 milyon avrodur. Layihə çərçivəsində Kipoi şəhərindəki mövcud kompressor stansiyasına əlavə kompressor qurğusu quraşdırılacaq və avadanlıqlar yenilənəcək.
Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.