TAP kəmərinin Yunanıstan və Albaniyada 129 km-i qaynaqlanıb

TAP kəmərinin Yunanıstan və Albaniyada 129 km-i qaynaqlanıb Boru kəmərinin bu iki ölkədə ümumilikdə 166 km-i düzülüb
Energetika
10 Yanvar , 2017 10:08
TAP kəmərinin Yunanıstan və Albaniyada 129 km-i qaynaqlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan və Albaniya hissəsində 129 km boru qaynaqlanıb.

“Report” TAP-a istinadən xəbər verir ki, boru kəmərinin bu iki ölkədə ümumilikdə 166 km boruları düzülüb, 244 km marşrutu isə təmizlənib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi