TAP-ın Yunanıstan meneceri: “Boru kəmərinin tikintisi 2018-ci ilin sonunda tamamlanacaq”

TAP-ın Yunanıstan meneceri: “Boru kəmərinin tikintisi 2018-ci ilin sonunda tamamlanacaq” 2019-cu il ərzində isə testlər aparılacaq
Energetika
6 Mart , 2017 15:12
TAP-ın Yunanıstan meneceri: “Boru kəmərinin tikintisi 2018-ci ilin sonunda tamamlanacaq”

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan ərazisindən keçən hissəsində işlər qrafikə uyğun olaraq irəliləyir.

“Report” “Energypress”ə istinadən xəbər verir ki, bunu TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias bildirib.

O qeyd edib ki, Evros regionu, eyni zamanda Rodopi və Serres ərazilərində 90 km boru döşənib.

TAP rəsmisi qeyd edib ki, boru kəmərinin tikinti işlərinin 2018-ci ilin sonuna tamamlanması planlaşdırılır.

“2020-ci ildə TAP-ın tam olaraq əməliyyata başlaması üçün planımız 2018-ci ildə boru kəmərinin tikintisini tamamlamaq və 2019-cu il ərzində testlər aparmaqdır”, - deyə, o bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr "mavi yanacaq" Avropaya çatdırılacaq. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi