Yuxarı
    Bağlamaq

    TAP-ın borularının çatdırılması yekunlaşıb

    Polad boruların sonuncu partiyası Yunanıstanın Saloniki şəhərinə çatdırılıb© Tap-ag.com

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üçün nəzərdə tutumuş boruların Yunanıstan, Albaniya və İtaliya ərazisinə çatdırılması yekunlaşıb. 

    “Report” xəbər veir rki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

    Məlumatda deyilir ki, oktyabrın 10-da TAP-ın inşası üçün nəzərdə tutulmuş polad boruların sonuncu partiyası Yunanıstanın Saloniki şəhərinə çatdırılıb. Ümumilikdə 55 min borunun daşınması il yarımlıq müddətə başa gəlib. İlk borular 2016-cı ilin aprelində Albaniyanın Durres limanına çatdırılıb. Yunanıstana isə boruların çatdırılmasına bir ay sonra başlanılıb.

    TAP-ın inşasında təxminən 55 min borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 9,15 min, İtaliya hissəsində isə 670 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 520 min tondur.

    TAP-ın layihə direktoru Con Haynes bildirib ki, bu, layihənin uğurla reallaşdırılması istiqamətində digər önəmli addımdır: “Bütün daşınma prosesi layihənin qrafikinə uyğun və yüksək təhlükəsizlik standartları çərçivəsində həyata keçirilib”.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

    TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi