TAP ilə Azərbaycandan Yunanıstana qaz tədarükü sifarişləri 14 % artıb
- 12 fevral, 2024
- 05:35
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən fevralın 12-də qaz tədarükü üçün 392 milyon 513 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 13,9 % çoxdur.
Kipoi çıxış nöqtəsindən fevralın 13-dən 18-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da fevralın 6-dan 11-dək olan sifariş həcmi ilə eynidir.
Yunanıstanın Komotini çıxış nöqtəsindən fevralın 12-dən 18-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də fevralın 12-dən 18-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün fevralın 12-də 329 milyon 996 min 315 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da fevralın 5-nə olan göstərici ilə müqayisədə 17,02 % çoxdur. Melenduqno çıxış nöqtəsindən fevralın 13-dən 18-dək qaz tədarükü üçün 281 milyon 999 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu da fevralın 6-dan 11-dək olan sifariş həcmi ilə eynidir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.