TAP İtaliyada çimərliyin təmizlənməsi və sahilin qorunmasına 850 min avro yatıracaq

TAP İtaliyada çimərliyin təmizlənməsi və sahilin qorunmasına 850 min avro yatıracaq Boru kəmərinin inşası üzrə işlər 38% tamamlanıb
Energetika
16 May , 2017 17:39
TAP İtaliyada çimərliyin təmizlənməsi və sahilin qorunmasına 850 min avro yatıracaq

Bakı. 16 may. REPORT.AZ/ İtaliyanın Apuliya regionunun, Leççe əyalətinin Melendunyo şəhərində 30 km çimərliyin təmizlənməsinə və sahilin erroziyadan qorunmasına 850 min avro investisiya qoyulacaq.

“Report” xəbər verir ki, bu barədə Trans-Adriatik Boru Kəməri layihəsini həyata keçirən TAP konsorsiumu məlumat yayıb.

Məlumata görə, boru kəmərinin təməli qoyulandan ötən bir il ərzində işlər qrafikə uyğun olaraq irəliləyib. Boru kəmərinin inşası üzrə işlər 38% tamamlanıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi