TAP-da payını satan şirkət İsveçrə bazarında Azərbaycan qazını ticarət edəcək

Energetika
  • 03 fevral, 2023
  • 07:37
TAP-da payını satan şirkət İsveçrə bazarında Azərbaycan qazını ticarət edəcək

Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) 5 % payını satan İsveçrənin “Axpo” şirkəti bu boru xətti vasitəsilə Avropa bazarlarına göndərilən “Şahdəniz” yatağından hasil edilən qazın ticarətində fəallığını davam etdirəcək.

Bu barədə “Report” “Axpo” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.

“Axpo” hesab edir ki, TAP həddən artıq İsveçrə və Avropaya tədarükün təhlükəsizliyini təmin etmək üçün mühüm layihədir.

İsveçrə şirkətinin bəyanatında qeyd edilir ki, “Axpo”nun TAP-ın səhmdarlığından getməsi şirkətin öz fəaliyyətini İsveçrənin enerji sektorunun inkişafına yönəltmək qərarı ilə bağlıdır.

“Axpo” şirkətinin TAP-dakı 4 % payını satın alan İspaniyanın “Enagás” şirkətindən isə bildiriblər ki, bu razılaşmaya görə Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edən infrastrukturda Avropa Operatorlarının (TSO) rolu gücləndiriləcək, enerji təchizatı təhlükəsizliyi və dekarbonizasiyası üçün qarşıya qoyulan məqsədlərdə irəliləyişlərə töhfə verəcək.

Belçikanın “Fluxys” şirkətinin baş direktoru Paskal De Bak isə TAP-ın təchizat təhlükəsizliyi və Avropanın karbonsızlaşdırılması üçün əsas infrastruktur kimi əhəmiyyətini qeyd edib. O, hazırkı beynəlxalq kontekstdə Avropanın enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb.

P. De Bak həmçinin qeyd edib ki, üç şirkətdən ibarət saziş TAP-ın səhmdarları arasında mükəmməl əməkdaşlığı və onların TAP AG-nin balanslaşdırılmış idarə olunmasına verdiyi əhəmiyyəti vurğulayır.

Xatırladaq ki, bir neçə gün əvvəl elan edilən “Axpo” şirkətinin səhmlərinin satışı səhmdarlar arasında balansda ciddi dəyişikliklərə səbəb olub. Belə ki, “Axpo”ya məxsus 5 %-lik səhm paketi “Enagás” və “Fluxys” şirkətləri tərəfindən alınıb və bununla da bu şirkətlərin TAP-ın nizamnamə kapitalında iştirakını 20 %-ə çatdırıb.

Razılaşmanın ümumi dəyəri 210 milyon avro təşkil edib. “Enagás” əlavə 4 % payı 168 milyon avroya, “Fluxys” şirkəti isə əlavə 1 % payı 42 milyon avroya əldə edib.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.

TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), "Snam S.p.A." (20 %), "Fluxys" (20 %) və "Enagás" (20 %) şirkətləri çıxış edir.