TANAP konsorsiumu gəlirlərini artırıb

Energetika
  • 10 iyul, 2024
  • 09:05
TANAP konsorsiumu gəlirlərini artırıb

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) konsorsiumu 2023-cü ildə 1 milyard 073,195 milyon ABŞ dolları xalis mənfəət əldə edib və bu da 2022-ci illə müqayisədə 5,3 % çoxdur.

“Report” bu barədə konsorsiumun məlumatlarına istinadən xəbər verir.

Bildirilib ki, 2023-cü ildə şirkətin gəliri 1 milyard 682,093 milyon ABŞ dolları (2,7 % çox), satışın maya dəyəri 165,444 milyon ABŞ dolları (0,4 % çox) təşkil edib.

2023-cü ildə şirkətin ümumi mənfəəti 1 milyard 516,649 milyon ABŞ dolları (3 % çox), maliyyə xərcləri 117,391 milyon ABŞ dolları (29 % az) təşkil edib. Konsorsiumun 2023-cü ildə vergiyəqədərki mənfəəti 1 milyard 073,195 milyon ABŞ dolları (5,3 % çox) olub. Bu rəqəm həm də xalis mənfəət göstəricisinə uyğundur. Çünki konsorsium 2022-2023-cü illər ərzində heç bir gəlir vergisi ödənişi həyata keçirməyib.

Hesabatlara əsasən, 2023-cü ilin sonuna TANAP konsorsiumunun aktivləri 6 milyard 253,977 milyon ABŞ dolları (2,6 % az), o cümlədən qısamüddətli aktivləri 195,499 milyon ABŞ dolları (2,1 % çox), uzunmüddətli aktivləri 6 milyard 058,478 milyon ABŞ dolları (2,8 % az) qiymətləndirilir.

Uzunmüddətli aktivlərin strukturunda qaz kəmərinin dəyəri 6 milyard 049,624 milyon ABŞ dolları (2,7 % az) təşkil edib.

2023-cü ildə konsorsiumun öhdəlikləri 511,502 milyon ABŞ dolları (70,8 % az), o cümlədən qısamüddətli öhdəlikləri 450,068 milyon ABŞ dolları (64,7 % az), uzunmüddətli öhdəlikləri 61,434 milyon ABŞ dolları (87,2 % az) olub.

Şirkətin kapitalı 2023-cü ilin sonuna 5 milyard 742,475 milyon ABŞ dolları (23 % çox) təşkil edib.

Qeyd edək ki, uzunluğu 1,85 min kilometr olan TANAP “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.

Bu kəmərin ötürücülük qabiliyyəti 16,2 milyard kubmetrdir və bunun da 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına ixrac üçün nəzərdə tutulub.