TANAP-ın 440 km hissəsində qaynaq işləri görülüb

TANAP-ın 440 km hissəsində qaynaq işləri görülüb Saltuk Düzyol: "Layihədə işlər olduqca sürətlə aparılır"
Energetika
21 Aprel , 2016 10:53
TANAP-ın 440 km hissəsində qaynaq işləri görülüb

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan qazını Türkiyəyə və buradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) 440 km-lik hissəsinin qaynaq işləri tamamlanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə TANAP layihəsinin baş direktoru Saltuk Düzyol Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin təşkil etdiyi "Türkiyənin enerjidə mərkəz ölkə olma axtarışı paneli"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 1 334 km, 56 düymlük hissənin təxminən 1/3 hissəsi və 100 km hissədə boruların döşənməsi işləri tamamlanıb.

TANAP-ın baş direktoru xatırladıb ki, layihə çərçivəsində indiyədək 4,5 mlrd. dollar dəyərində tender tamamlanaraq müqavilələr imzalanıb: "Boru kəmərinin Əskişəhərdən Trakya-Yunanıstan sərhəddinə qədər olan hissəsinin tenderi həyata keçirilib. Sualtı hissədən başqa bütün hissələr üzrə müqavilələr imzalanıb".

O qeyd edib ki, layihədə işlər olduqca sürətlə aparılır. S.Düzyol layihənin (Əskişəhərə qədər olan hissə) 2018-ci ilin iyun ayında tamamlanmasının planlaşdırıldığını qeyd edib: "Qarşımızda bir təqvim var. Əsas vəzifəmiz bu layihəni vaxtında tamamlamaqdır. Amma daha tez bir tarixdə layihəni işə salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Bunun üçün var gücümüzlə çalışırıq".

S.Düzyol qeyd edib ki, layihə çərçivəsində 5 min nəfər işlə təmin olunub, yeni tenderlərlə birlikdə bu rəqəm 8 min nəfərə çatacaq. O, boru xəttinin keçəcəyi 20 şəhər və 67 qəsəbədə çoxlu sayda kiçik biznesə dəstək verilməyə başlandığını bildirib.

BP şirkətinin Türkiyə üzrə icraçısı Bak Fakrell (Buck Fackrell) qarşıdakı 20 ildə dünya üzrə enerji ehtiyacının 34% artacağını bildirib və Cənub Qaz Dəhlizi layihəsindən danışaraq qeyd edib ki, bu, strateji layihədir: "Türkiyə enerji mərkəzli bir ölkə ola bilər. TANAP bu yöndə çox önəmli rol oynayacaq".

Son xəbərlər

Orphus sistemi