​TANAP layihəsi çərçivəsində daha bir tenderin qalibi müəyyənləşib

​TANAP layihəsi çərçivəsində daha bir tenderin qalibi müəyyənləşib "ABB Elektrik Sanayi A.Ş" şirkəti ilə müqavilə imzalanıb
Energetika
27 Oktyabr , 2015 12:44
​TANAP layihəsi çərçivəsində daha bir tenderin qalibi müəyyənləşib

Bakı. 27 oktyabr.REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan təbii qazı Türkiyə və buradan Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi çərçivəsində elan olunan daha bir tenderin qalibi müəyyənləşib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "TANAP Doğalgaz İletim A.Ş." tərəfindən elan olunan "SCADA/Telekom sistemi ilə əlaqədar mühəndislik, tədarük və inşaat işləri" tenderinin qalib şirkəti müəyyən olunub.

Türkiyə ərazisində çəkilən 1 850 km-lik boru kəmərinin SCADA/Telekom Sistemi ilə əlaqədar mühəndislik, tədarük və inşaat işlərini həyata keçirmək üçün "ABB Elektrik Sanayi A.Ş" şirkəti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayında yerli və xarici 9 şirkətin ön qiymətləndirmədən keçdiyi qeyd olunub. Bu ilin fevralın 6-da isə tender elan olunub.

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 şəhərdən keçərək Ədirnə şəhərinin İpsala rayonunda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri (hazırkı prezident) Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni imzalayıblar. 2015-ci il martın 17-də isə Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub.

Qeyd edək ki, 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km hissəsi Mərmərə dənizindən keçəcək.

TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın 30%, BP-nin 12% payı var. SOCAR-ın TANAP-dakı 58%-lik payının 7%-ni törəmə qurumu olan "SOCAR Turkey"ə satması gündəmdədir.

Son xəbərlər

Orphus sistemi