Bakı və Bişkek Azərbaycandan Qırğızıstana neft tədarükü məsələsi ilə bağlı müzakirələri davam etdirir.
Bu barədə “Report”a eksklüziv müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.
"Bu məsələ (neft tədarükü) də müzakirə edilir. Mənimlə birlikdə "Qırğızneftqaz"ın direktoru da gəlib və o, Bakı Neft Emalı Zavodunun rəhbərliyi ilə görüşəcək", - o qeyd edib.
T.İbrayev xatırladıb ki, bundan əvvəl iki təşkilatın rəhbərləri arasında Azərbaycandan Qırğızıstana neft tədarükü məsələsi ilə bağlı müzakirələr Qırğızıstan Prezidenti Sadır Japarovun Bakıya rəsmi səfəri çərçivəsində aparılıb. "O zaman biz görüşmüşdük, bu gün isə danışıqları davam etdiririk. Biz Qırğız Respublikasına neft və neft məhsullarının tədarükündə maraqlıyıq", - nazir bildirib.
Tədarükün həcminə gəlincə, T.İbrayev deyib ki, müzakirələr ilkin mərhələdədir, ona görə də konkret rəqəmləri söyləmək hələ tezdir.
"Biz logistika ilə bağlı və təbii ki, qiyməti müzakirə etməliyik. Biz neft almağa hazırıq. Bu yaxınlarda bizim neft emalı zavodumuz işə salınıb, buna görə də neft tədarükündə maraqlıyıq", - o əlavə edib.