SOCAR: "Türkmənistandan Azərbaycana ilkin qaz bugün və ya sabah daxil olacaq"

Energetika
  • 04 yanvar, 2022
  • 07:17
SOCAR: Türkmənistandan Azərbaycana ilkin qaz bugün və ya sabah daxil olacaq

Türkmənistan, Azərbaycan və İran arasında imzalanan üçtərəfli təbii qaz sazişi çərçivəsində bu gün və ya sabahdan artıq Türkmənistan qazının Azərbaycanın ərazisinə daxil olması gözlənilir.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

"Yanvarın 1-dən etibarən Türkmənistan qazının İrana tədarükü başlanılıb. Bu gün və ya sabahdan artıq Türkmənistan qazının həm də Azərbaycanın ərazisinə daxil olması gözlənilir. Ümumilikdə İran vasitəsi ilə Türkmənistan qazının daxil olmasına dair müqavilənin icrasına artıq başlanılıb", - SOCAR rəsmisi bildirib.

İ.Əhmədov qeyd edib ki, həmçinin, İran Naxçıvana qışda qazı ötürməsi davam edir: "Svop müqaviləsində həcmlər bir az daha artıqdır. Yalnız Naxçıvana deyil Azərbaycanın əsas ərzaisinə müəyyən qaz həcmləri daxil olacaq. İranın nümyayəndə heyəti müəyyən texniki məsələlərin həll olunması üçün yəqin ki, bu gün Azərbaycana gələcək".

İranın Neft Nazirliyinin məlumatında deyilir ki, illik 2 milyard kubmetrə qədər qaz mübadiləsini nəzərdə tutan sazişə görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz ötürəcək. Azərbaycan ilkin olaraq gündəlik 4 milyon kubmetrədək qaz alacaq və tədricən bu həcm artırılacaq.

İranın neft naziri Cavad Ovci deyib ki, svop sazişinə əsasən, İran Milli Neft Şirkəti Türkmənistandan qaz alacaq və ona ekvivalent miqdarı Astara sərhədində Azərbaycana çatdıracaq.

Qeyd edək ki, Türkmənistandan alınan ümumi qazın təxminən 20-30 %-ni svop haqqı kimi İran götürəcək, qalan hissəsi isə Azərbaycana tədarük ediləcək.

Xatırladaq ki, qaz sazişi, 28 noyabr 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 15-ci Zirvə Toplantısı zamanı üç Xəzəryanı ölkələrin prezidentləri tərəfindən dəstəklənərək, noyabrın 30-da neft sənayesi nazirləri tərəfindən imzalanıb.

Svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və Azərbaycana Astara sərhədində svop haqqı çıxılmaqla bərabər ekvivalent məbləği çatdıracaq. Svop sazişi çərçivəsində İran Türkmənistandan alacağı qazla ölkənin şimal əyalətlərinin ehtiyaclarını ödəyəcək.

İranın cənubda böyük təbii qaz yataqları var, ancaq İran xüsusilə qış aylarında ölkənin şimal əyalətlərini qazla təmin etmək üçün 1997-ci ildən Türkmənistandan qaz idxal edir.

Ekspertlər hesab edirlər ki, bu sazişin həyata keçirilməsi regiondakı digər ölkələri də oxşar sazişlər imzalamağa və İranın bu məsələdə imkanlarından istifadə etməyə sövq edə bilər.

Rusiyadan sonra ən böyük yüksək təzyiqli qaz kəməri şəbəkəsinə malik olan İran qazın İranın şərqindən qərbinə və Azərbaycan kimi qonşu ölkələrə nəqlində əsas rol oynaya bilər.

Bu saziş həm də İran üçün böyük bir addımdır, çünki ölkənin təbii qaz mənbələrindən uzaqda yerləşən şimal-şərq rayonlarının sabit qaz təchizatını təmin edəcək.

İranın qaz ehtiyatları 34 trilyon kubmetr təşkil edir.