Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 22-də "Suraxanıoyl" Əməliyyat Şirkətinin 3-cü mədən ərazisində lay sularının təmizlənməsi məqsədilə həyata keçirilən pilot layihənin təqdimatı keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Təqdimat mərasimində SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, David Məmmədov və digər əlaqədar qurumlardan rəsmi şəxslər iştirak ediblər. Tədbirdə bildirilib ki, Almaniyanın AWAS şirkəti tərəfindən 2 ay müddətində həyata keçirilən pilot layihə uğurla başa çatıb. Belə ki, mədən ərazisində quraşdırılmış qurğuya daxil olan lay suyunun Xəzər dənizinə yol verilən axıntı həddinə qədər təmizlənməsinə nail olunub.
Qeyd edək ki, bu tip təmizləyici qurğuların tezliklə bütün digər neft istehsalat sahələrində tətbiqi nəzərdə tutulub.




