Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsulun istehsalına başlayıb
- 18 noyabr, 2022
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC yeni ölçülü (DN100 və DN250) ikiqat qofralı boruların istehsalına başlayıb.
Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, iki qat borular içərisi müştəri istəyinə uyğun olaraq sarı, ağ və göy rənglərdə olmaqla yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili hamar qat və xarici büzməli qatdan ibarət olur. Bu cür borular yeraltı elektrik kabel xətlərinin və kanalizasiya xətlərinin çəkilməsi zamanı istifadə edilir.
“Azertexnolayn” 2013-cü ildə istehsala başlayıb. Onun Parkda 3 zavodu - polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 60-dan çox çeşiddə məhsul istehsal olunur.
İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, 15-dən çox ölkəyə ixrac edilir.