Staşa Koşarats: "Bosniya və Herseqovina SCG ilə əməkdaşlığa böyük əhəmiyyət verir"

Staşa Koşarats: "Bosniya və Herseqovina SCG ilə əməkdaşlığa böyük əhəmiyyət verir" Bosniya və Herseqovina regional və qlobal səviyyədə enerji təhlükəsizliyinin gücləndirilməsinə tam sadiqdir və bu baxımdan Cənub Qaz Dəhlizi (SCG) ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Energetika
4 aprel 2025 16:16
Staşa Koşarats: Bosniya və Herseqovina SCG ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Bosniya və Herseqovina regional və qlobal səviyyədə enerji təhlükəsizliyinin gücləndirilməsinə tam sadiqdir, bu baxımdan Cənub Qaz Dəhlizi (SCG) ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

“Report” xəbər verir ki, bunu ölkənin xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, bu tədbir qlobal enerji problemlərinin kollektiv həll yollarını tapmaq üçün enerji və iqtisadi sektorların əsas oyunçularını bir araya gətirib.

"Biz qlobal enerji keçidinin dönüş nöqtəsindəyik. Dekarbonizasiya artıq siyasi üstünlük məsələsi deyil – bu, bir zərurətdir. Vaxt və resurslar məhduddur və irəliyə doğru hər bir addım strateji, düşünülmüş, institusional və dayanıqlı olmalıdır", - S.Koşarats vurğulayıb.

Nazir qeyd edib ki, enerji keçidi enerji infrastrukturunun modernləşdirilməsinə böyük məbləğdə investisiyalar tələb edir.

"Bosniya və Herseqovina “yaşıl enerji” keçidinə fəal şəkildə sadiqdir. Ölkə 2030-cu ilə qədər mövcud bərpa olunan enerji gücünü əsasən günəş və külək enerjisi layihələrinin inkişafı hesabına demək olar ki, iki dəfə artırmağa çalışır", - o bildirib.

Nazir həmçinin regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Bosniya və Herseqovina infrastruktur və texnologiyalarla yanaşı, enerjinin səmərəli idarə olunmasını təmin edən institusional təməlin yaradılması üzərində də işləyir. Bu səylərdə regional tərəfdaşlar, SCG və maraqlı olan beynəlxalq tərəflərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edəcək. Biz həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinin gücləndirilməsinə tam sadiqik", - S.Koşarats sonda bildirib.

Orphus sistemi