Yuxarı

"STAR" zavodu üçün 64% vəsait xərclənib

Baş direktor İbrahim Palaz: İlk neftin qəbul ediləcəyi liman cari ilin sonuna kimi hazır olacaq

İzmir. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Petkim yarımadası (Türkiyə) ərazisində tikintisi davam edən "STAR" neft emalı zavodunun inşasına indiyədək 3 mlrd. dollar vəsait yatırılıb. "Report" xəbər verir ki, bunu İzmirdə səfərdə olan Azərbaycan jurnalistləri ilə görüşdə "STAR"ın baş direktoru İbrahim Palaz bildirib. 

Onun sözlərinə görə, zavodun inşası layihəsi çərçivəsində ümumi büdcənin 64%-i xərclənib: "Layihənin ümumi dəyəri 5,7 mlrd. dollar təşkil edir ki, maliyyələşmənin 2,4 mlrd. dolları SOCAR tərəfindən, 3,3 mlrd. dolları isə 23 bankdan cəlb edilən kredit hesabına həyata keçirilir. İndiyədək layihə üçün SOCAR 2,2 mlrd.dollar vəsait xərcləyib, daha 800 mln. dolları isə banklardan cəlb edib". 

İ.Palazın sözlərinə görə, mexaniki işlər 2017-ci ilin sentyabrında tamamlanacaq, 2018-ci ilin aprelində isə istismara başlanacaq. Zavodun direktoru qeyd edib ki, müəssisə istismara verildikdən 3-6 ay sonra layihədə nəzərdə tutulan gücü ilə (illik 10 mln. ton) işləyəcək. O həmçinin qeyd edib ki, hazırda layihə çərçivəsində işlərin 75%-i yerinə yetirilib: "Tikinti işlərinin 50%-i icra olunub. Hazırda ərazidə 12 min nəfərdən artıq işçi çalışır. Oktyabrda onların sayı maksimum səviyyəyə çataraq 15 min nəfər olacaq. Zavod istifadəyə verildikdən sonra daimi işçilərin sayı 850 nəfər təşkil edəcək".

İ.Palaz "STAR" üçün hazırda 3 limanın tikintisinin davam etdiyini xatırladıb: "İlk neftin qəbul ediləcəyi liman cari ilin sonuna kimi hazır olacaq. Hazır məhsulların satışı üçün istifadə olunacaq digər iki limanın tikintisi isə gələn il bu vaxtı tamamlanacaq".

Qeyd edək ki, "STAR" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi