STAR üçün ilk neft iyunun sonunda Azərbaycandan nəql olunacaq

STAR üçün ilk neft iyunun sonunda Azərbaycandan nəql olunacaq İndiyədək zavod üçün 5,2 mlrd. dollar xərclənib
Energetika
21 May , 2018 11:07
STAR üçün ilk neft iyunun sonunda Azərbaycandan nəql olunacaq
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodu üçün ilk xammal Azərbaycandan nəql ediləcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə "STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter bildirib.

“STAR üçün ilk neft yükü  bu il iyun ayının sonunda Azərbaycandan gətiriləcək. Bununla bağlı müqavilə də imzalanıb”,- M.İlter deyib.

Baş direktor ilkin olaraq zavodun xam neft qurğusunun iyul ayının 3-cü həftəsində istismara veriləcəyini deyib. M.İlter hazırda zavodun fiziki işlərinin 99,1%-nin yerinə yetirildiyini, indiyədək zavod üçün 5,2 mlrd. dolların sərf edildiyini söyləyib. 

“Zavod oktyabrın əvvəlində istismara veriləcək və ümumilikdə, xərclənən vəsaitin məbləği 6,3 mlrd. dollara çatacaq”,- baş direktor diqqətə çatdırıb.

Qeyd edək ki, "STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

Son xəbərlər

Orphus sistemi