STAR NEZ Türkiyənin bütün neft məhsulları ixracının 27 %-dən çoxunu təmin edib
- 30 sentyabr, 2024
- 08:39
Türkiyə 2024-cü ilin yanvar-iyul aylarında 18 milyon 433 min 027,42 ton neft tədarük edib ki, bunun da 33,2 %-ni Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodundan (NEZ) alıb.
“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir.
Türkiyə hesabat dövründə neft idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artırıb.
EPDK-nın məlumatına görə, hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcminin 66,8 %-i “Turkiye Petrol Rafinerileri AS” (TÜPRAŞ) neft emalı zavodunun payına düşüb - 12 milyon 315 min 901,61 ton (20,5 % çox). STAR NEZ isə 6 milyon 117 min 125,81 ton neft (6,6 % az) idxal edib.
Hesabat dövründə STAR neft emalı zavodu 2 milyon 525 min 834,43 ton (29 % çox) neft məhsulları ixrac edib ki, bu da Türkiyənin ümumi neft məhsulları ixracının 27,25 %-ni təşkil edir.
Eyni zamanda, bu ilin yanvar-iyul aylarında zavoddan ixracın əsas həcmini - 1 milyon 476 min 908,61 ton dizel yanacağı təşkil edib. Aviasiya yanacağının ixracı 116 min 674,97 ton, digər neft məhsulları 932 min 250,85 ton təşkil edib.
Xatırladaq ki, STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon ton təşkil edir.
SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.