Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) İstanbul Sənaye Palatasının (ISO) reytinqində 2023-cü ildə Türkiyənin üç ən böyük müəssisəsi siyahısına daxil edilib.
“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
ISO-nun hazırladığı “2023-cü ildə Türkiyənin 500 ən böyük sənaye müəssisəsi” araşdırmasına görə, ötən ilin nəticələrinə görə Türkiyənin ən böyük sənaye müəssisəsi ünvanını öz satışları ilə “Turkiye Petrol Rafinerileri AS” (TÜPRAŞ) neft emalı zavodu saxlayıb. Müəssisədə 484,2 milyard lirə (14,7 milyard ABŞ dolları) məbləğində məhsul istehsal edilib.
2022-ci ildə üçüncü olan “Ford Automotive” 238 milyard lirə (7,22 milyard ABŞ dolları) məbləğində satışla ikinci yerə yüksəlib.
Həmin ildə ikinci olan “Star Rafineri” ötən il 226,8 milyard lirə (6,88 milyard ABŞ dolları) dəyərində məhsul satışı ilə üçüncü olub.
STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon tondur.