İstanbul Sənaye Palatasının (İSO) Türk sənaye sektorunu qiymətləndirmək məqsədi ilə apardığı araşdırmalara əsasən “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi 2020” siyahısında "SOCAR Türkiyə"nin törəmə müəssisələrindən olan STAR NEZ Türkiyənin 6-cı, “Petkim” isə 23-cü ən böyük sənaye müəssisəsi oldu.
Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin STAR neft emalı zavodunun 2020-ci ildə istehsal satışları 24 milyard 30 milyon TL həcmində olub. “SOCAR Türkiyə”nin uzun illər İSO 500 siyahısında ilk yerləri tutan digər bir törəmə müəssisəsi “Petkim” isə 8 milyard 732 milyon TL-lik satış həyata keçirib.
STAR NEZ və "Petkim"in “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi” siyahısında əldə etdiyi nailiyyəti dəyərləndirən “SOCAR Türkiyə”nin Baş direktoru Zaur Qəhrəmanov deyib: “Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25 %-ni qarşılayan STAR NEZ-in açılışından bu günə kimi iki ilə yaxın qısa bir müddətdə əldə etdiyi göstəricilərlə Türkiyənin ən böyük sənaye müəssisələri arasında ilk yerlərdən birini tutması bizi çox sevindirir. 10,5 milyon ton illik emal gücü ilə ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı Türkiyədəki cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi məhsulların da istehsalını reallaşdıran STAR NEZ əldə etdiyi satış rəqəmləri ilə pandemiya dövrünün çətin şərtləri altında uğurlu göstəricilərə nail olub.
Digər tərəfdən neft-kimya sektorunda xammal qıtlığı səbəbindən bir sıra neft-kimya şirkətinin istehsalı azaltdığı, hətta tam dayandırdığı bir zamanda adı çəkilən siyahıda yer almış digər bir törəmə müəssisəmiz “Petkim” isə STAR NEZ ilə inteqrasiyalı fəaliyyətin verdiyi üstünlüklərdən faydalanaraq fasiləsiz istehsala davam etmiş və istehsal gücünün aktivliyini 88 %-ə çatdırıb. Türkiyənin strateji sahələrində fəaliyyət göstərən iki nəhəng müəssisəmiz ilə istehsal gücümüzü göstərdiyimiz və sənayenin ən böyük dəstəkçilərindən biri olduğumuz üçün qürur duyuruq”.