STAR neft emalı zavodu dizel yanacağı istehsalını 36 % artırıb

Energetika
  • 29 aprel, 2022
  • 09:00
STAR neft emalı zavodu dizel yanacağı istehsalını 36 % artırıb

Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 466 min ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin fevral ayı ilə müqayisədə 123 min 515 ton və ya 36,06 % çoxdur.

Ümumilikdə isə fevral ayında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 208 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin fevral ayı ilə müqayisədə 386 min 131 ton və ya 24,22 % azdır.

Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin fevral ayında 342 min 483 ton dizel yanacağı istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti