​"Star" Neft Emalı Zavodu beynəlxalq mükafata layiq görülüb

​"Star" Neft Emalı Zavodu beynəlxalq mükafata layiq görülüb Layihənin maliyyələşməsində 7 idxalat kredit qurumu, 13 beynəlxalq ticarət bankı, 2 xarici inkişaf bankı və 1 Türkiyə bankı iştirak edir
Energetika
6 Fevral , 2015 12:47
​Star Neft Emalı Zavodu beynəlxalq mükafata layiq görülüb

Bakı. 6 fevral.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "Star" Neft Emalı Zavodu investisiya layihəsi "Thomson Reuters" nəşrlərinə məxsus olan "Project Finance International" (PFI) jurnalının "Neft emalı zavodunun maliyyələşdirilməsinə dair ilin ən yaxşı anlaşması" mükafatına layiq görülüb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

PFI jurnalının mükafatı Londonda keçirilən mərasimdə təqdim olunub. Türkiyənin özəl sektorunda ilk neft emalı zavodu olan və 3,29 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılan "Star" zavodunun maliyyələşdirməsinə dair anlaşma kredit həcminə, zəmanət şəklinə və xüsusiyyətlərinə görə Türkiyədə bu günə qədər gerçəkləşdirilmiş ən böyük, çox mənbəli kompleks layihə maliyyələşdirmə əməliyyatı olduğu deyilib.

"SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz layihənin maliyyələşdirmə paketində 6 ölkədən 7 idxalat kredit qurumunun, 13 beynəlxalq ticarət bankının, 2 xarici inkişaf bankının və 1 Türkiyə bankının iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, bu, eyni zamanda 2014-cü ildə Avropa-Orta Şərq-Afrika bölgəsində neft və təbii qaz sahəsində gerçəkləşdirilmiş ən böyük layihə maliyyələşdirməsidir: "İstismara 2017-ci ilin sonunda verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari əməliyyatlar kəsiri probleminin həllinə minimum 2,5 mlrd. dollarlıq fayda verəcək. Emal olunacaq illik 10 mln. ton xam neft bu vaxtadək idxal edilən məhsulların istehsalına yönəldiləcək, bununla da əlavə dəyər Türkiyə daxilində qalaraq xalqın rifahına və ölkənin tərəqqisinə töhfə verəcək".

"Star" Neft Emalı Zavodunun ümumi dəyərinin 5,7 mlrd. dollara çatacağını qeyd edən K.Yavuz, bu məbləğin 3,29 mlrd. dollarını layihə maliyyələşdirmə krediti, qalan hissəsinin isə daxili imkanlar hesabına reallaşdırılacağını bildirib. Bu, həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Qeyd edək ki, layihə bu il "Global Financial Conferences" təşkilatı tərəfındən "İlin ən yaxşı istiqraz və kredit əməliyyatları" (Bond &Loans; Award) mükafatlarının Türkiyəyə aid qismində namizəd göstərildiyi 4 kateqoriyanın 3-ündə mükafat qazanıb.

Son xəbərlər

Orphus sistemi