“STAR” işçilərinə yemək paylayan şirkət: "Yemək və su nümunələri analizdən təmiz çıxıb"

“STAR” işçilərinə yemək paylayan şirkət: "Yemək və su nümunələri analizdən təmiz çıxıb" Şirkətdən xüsusi tədbirlər görüldüyü qeyd olunub
Energetika
25 İyul , 2017 11:11
“STAR” işçilərinə yemək paylayan şirkət: Yemək və su nümunələri analizdən təmiz çıxıb

Bakı. 25 iyul. REPORT.AZ/ İzmirin Əliağa ərazisində inşa olunan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “STAR” neft emalı zavodunda çalışan bəzi işçilərin iyulun 12-13-də qidadan zəhərlənməsi şübhəsi ilə əlaqədar aparılan laborator müayinənin nəticələri məlum olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla bağlı “Akyıldız A.Ş.” qida təchizatı şirkəti açıqlama yayıb.

Şirkətin açıqlamasında işçilərdən götürülən analizlərin, yemək və su nümunələrinin təmiz çıxdığı qeyd olunub: “STAR" zavodu başda olmaqla, Türkiyə və dünyanın hər tərəfindəki işçilərə 365 gün xidmət edirik, menyularımız hər ay müntəzəm olaraq idarəçilərin nümayəndələrinin nəzarətində mövsümlərə və kalori hesablamalarına görə hazırlanır". 

Nəticələr işçilərə də paylanılıb. Şirkətdən xüsusi tədbirlər görüldüyü, bütün yemək paylama ərazilərindəki qida mühəndislərinin sayının 4 nəfərdən 9 nəfərə qədər artırıldığı da qeyd olunub: "3 ildir ki, çalışdığımız “STAR” neft emalı zavodunda ilk dəfə qarşılaşdığımız bu hadisənin bir daha yaşanmaması üçün əlimizdən gələni edəcəyik”.

“STAR” zavodunun podratçısı TSGİ və altpodratçılarların həkimləri nahar zamanı yeməkxanalarda işçilərlə görüşərək şikayətləri dinləyiblər.

Xatırladaq ki, “STAR Refinery”nin açıqlamasında qeyd edilmişdi ki, Zavodun inşaatında çalışan iki podratçı şirkətin 300 nəfər işçisi iyulun 12-13-də mədə bulantısı və ishal şikayəti ilə inşaat ərazisindəki tibb məntəqəsinə müraciət ediblər.

“STAR” zavodunun əsas podratçısı TSGİ şirkətinin məlumatına görə, iş yerindəki həkimin ilkin müşahidəsi zamanı hansısa zəhərlənmə əlamətinə rast gəlinməyib. Yalnız iki nəfər işçi iş yeri həkiminin göstərişi ilə xəstəxanaya aparılıb. 29 nəfər isə öz istəyi ilə Əliağa və Menemen dövlət xəstəxanalarına müraciət edib və onların hamısı evə buraxılıb. Hazırda xəstəxanada müşahidə altında olan işçi yoxdur”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edilib ki, narahatlığın kökünün müəyyən olunması məqsədi ilə ciddi araşdırma prosesinə başlanılıb: “Bu çərçivədə şikayət edən işçilərdən götürülən nümunələrlə yeməkxanadan götürülən qida və su nümunələri laboratoriyalarda araşdırma üçün göndərilib. 17 min nəfərin çalışdığı Neft Emalı Zavodunun inşasında bütün proseslər yerli və beynəlxalq normalar çərçivəsində həyata keçirilir, araşdırma və istintaqın nəticələrinə görə lazımi addımlar atılacaq”.

Son xəbərlər

Orphus sistemi