“Society of Petroleum Engineers” (SPE) İllik Xəzər Texniki Konfransı oktyabrın 5-dən 7-dək onlayn formatda keçiriləcək.
Bu barədə “Report”a SPE konfransının təşkilat komitəsindən bildiriblər.
Konfransa qeydiyyat artıq açıq elan edilib. Tədbirin yeni formatı konfransın daha geniş auditoriyanı əhatə etməsinə şərait yaradacaq. Bundan başqa, sponsorların daimi dəstəyi sayəsində ilk dəfə olaraq, qeydiyyat pulsuzdur.
Virtual formata keçid qlobal pandemiya ilə əlaqəli davam edən qeyri-müəyyənlik, həmçinin səfərlərə və viza alınmasına tətbiq edilən məhdudiyyətlərlə izah edilir.
Bu dəyişikliyə baxmayaraq, konfransın məqsədi Azərbaycan və Xəzər regionun neft və qaz mütəxəssislərini bir araya gətirib, son texniki inkişafları müzakirə etmək və bölgəni neft və qaz sənayesində texniki yenilik və təcrübə mərkəzi kimi təşviq etmək olaraq qalır.
Virtual formatda 2020-ci ildə uğurla keçirilmiş Xəzər Texniki Konfrans kimi builki Konfrans da tam texniki proqramı, bütün panel sessiyaları və canlı tədbir üçün planlaşdırılan digər funksiyaları, o cümlədən Regional Tələbə İnkişafı Sammitini əhatə edəcək.
Builki konfransa ən müxtəlif mövzuları əhatə edən texniki proqram daxildir. Konfransın üç əsas panel sessiyasına bu mövzular daxildir: “Yeni texnologiyalar və rəqəmsallaşdırma yolu ilə potensialın açılması”, “Çətin bazara istedadların cəlb edilməsi və saxlanılması” və "Bugünkü dəyişən mühitdə səmərəliliyin artırılması”.