​“SOCAR Yay Məktəbi 2015”in iştirakçıları şirkətin xaricdəki fəaliyyəti ilə tanış olublar

​“SOCAR Yay Məktəbi 2015”in iştirakçıları şirkətin xaricdəki fəaliyyəti ilə tanış olublar Onlar İsveçrə, Rumıniya, Türkiyə və Gürcüstanda SOCAR-ın fəaliyyəti ilə tanış olublar
Energetika
17 Sentyabr , 2015 18:51
​“SOCAR Yay Məktəbi 2015”in iştirakçıları şirkətin xaricdəki fəaliyyəti ilə tanış olublar

Bakı. 17 sentyabr. REPORT.AZ/ “SOCAR Yay Məktəbi 2015” layihəsi çərçivəsində keçirilən yarışma və intellektual oyunların qalibləri SOCAR-ın xaricdəki fəaliyyəti ilə tanış olublar.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci yeri tutan “Star” komandasının üzvləri İsveçrədə olublar. SOCAR-ın İsveçrə nümayəndəliyinin hazırladığı 7 günlük proqram əsasında əvvəlcə Cenevrə şəhərinin görməli yerləri ilə tanış olub, sonra nümayəndəliyin ofisində iş prosesi haqqında ətraflı məlumat əldə ediblər.

Onlar üçün SOCAR-ın İsveçrədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrini müxtəlif yanacaq növləri ilə təmin edən SOGEP terminalına ekskursiya da təşkil edilib. İştirakçılar SOCAR-ın Montro və Luserndəki yanacaqdoldurma məntəqələrində olub, bu şəhərlərin, həmçinin Bern şəhərinin tarixi və mənzərəli yerlərini gəziblər. Oçi bölgəsində məşhur Olimpiya muzeyinə baş çəkən qrup burada müxtəlif tarixlərdə keçirilən olimpiya oyunlarına məxsus medal və digər atributları izləyiblər. 

“SOCAR Yay Məktəbi 2015” çərçivəsində keçirilən yarışlarda ikinci yeri tutan komanda isə Rumıniyaya səfər edib. Səfərin ilk günü iştirakçılar Ulu ondər Heydər Əliyevin Buxarestdəki abidəsini ziyarət edib, onun adını daşıyan parkla tanış olublar. Sonra Rumıniya Parlament binasına səfər təşkil olunub. İştirakçılar Avropa Çempionatı çərçivəsində keçirilən Rumıniya -Yunanıstan futbol matçını da izləyiblər.

SOCAR-ın Rumıniya nümayəndəliyində keçirilən görüşdə onlara SOCAR-ın yanacaqdoldurma məntəqələri, gələcək planlar və layihələr barədə məlumat verilib. İştirakçılar yanacaqdoldurma məntəqələrindən biri ilə əyani tanış olublar. Azərbaycan Respublikasının səfirliyində, Heydər Əliyev Fondunun nümayəndəliyində Yay Məktəbinin iştirakçıları ilə görüşlər təşkil edilib. Qrup Sinay, Braşov və Konstanta şəhərlərində də olub, Dunay çayı ilə gəzintiyə çıxıb.

Üçüncü yerin sahibləri SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrlə tanış olmaq imkanı əldə ediblər. İzmirdə “Petkim” neft-kimya holdinqi barəsində təqdimat keçirilmiş, müxtəlif zavodlara ekskursiyalar təşkil olunub. İştirakçılar tikilməkdə olan STAR neft emalı zavoduna, Petlim limanına da səfər etmişlər. Onlara hər iki layihə barədə ətraflı məlumat verilmib. “Petkim”də Satış və marketinq, araşdırma və inkişaf bölmələri, habelə laboratoriyalar, informasiya texnologiyaları, məlumat baza proqramları ilə tanış olan iştirakçılar polietilen və poliolefin istehsalı prosesini izləmək üçün müvafiq zavodlara səfər ediblər. Sonda onlara sertifikatlar və xatirə hədiyyələri təqdim edilmib. Qrup İzmir şəhərinin tarixi yerlərini gəzib.

Yay Məktəbinin fəal iştirakçıları arasından seçilmiş digər bir qrup isə Gürcüstana səfər edib. SOCAR-ın Gürcüstan nümayəndəliyi və “SOCAR Energy Georgia” şirkətinin yaxndan köməyi ilə təşkil olunmuş səfər Tbilisi şəhərinin mərkəzində Ümumimilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarətlə başlayıb. Sonra iştirakçılar M. F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində olub, burada Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı maraqlı faktlarla tanış olublar.

SOCAR-ın Qara dəniz Kulevi Neft Terminalında olan qrup müəssisənin iş prinsipi ilə əyani tanış olub, neft və neft məhsullarının qəbulu, saxlanılması, daşınması, təhlükəsizliyi, tankerlərin qəbulu və yüklənməsi haqqında məlumat alıblar.

Ekskursiya başa çatdıqdan sonra iştirakçılar Batumiyə yollanıblar. SOCAR-ın Batumidəki ofisində keçirilən görüşdə onlara burada görülən işlər barədə məlumat verilib, şəhərin görməli yerləri ilə tanışlıq üçün imkan yaradılıb. Layihə iştirakçıları SOCAR-ın Gori yaxınlığındakı Urbnisi kompleksində, Dmanisidə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, Marneuli Gənclər Mərkəzində də olublar. Səfərin sonuncu günü SOCAR-ın Gürcüstan nümayəndəliyində görüş keçirilib, Tbilisinin tarixi yerlərinə ekskursiyalar təşkil edilib. 

Son xəbərlər

Orphus sistemi