Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycandakı layihələr üzrə xarici tərəfdaşlara Xəzər dənizinin standartlarına uyğun olaraq dənizdə neft və qaz əməliyyatları aparmağı təklif edir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunun II günündə deyib.
“Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq şirkətlər fəaliyyətlərində beynəlxalq standartları tətbiq edir. Bu, normal və düzgündür, çünki bununla əməliyyatların təhlükəsizliyi və işin keyfiyyəti təmin edilir. Lakin hesab edirik ki, bu standartları Xəzər dənizinin şərtlərinə uyğunlaşdırmaq lazımdır. Yəni bunlar, məsələn, Şimal dənizində tətbiq olunan standartlara uyğun olmalıdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq standartların Xəzər regionunun şərtlərinə uyğunlaşdırılması maliyyə xərclərinə ciddi qənaətə gətirib çıxaracaq:
“Bizdə Şimal dənizindəki kimi soyuq deyil. Yəni Xəzərdə aysberqlər dreyf etmir. Buna görə də Xəzər dənizinin standartları ilə, yəni bu hövzənin şərtlərinə uyğunlaşdırılmış beynəlxalq standartlarla işləmək daha səmərəli olardı. Araşdırma apardıq və müəyyən etdik ki, Xəzər dənizinin standartlarının tətbiqi xərclərimizə yüz milyonlarla ABŞ dolları qənaət edəcək”.
B.Hüseynov əlavə edib ki, bu təşəbbüsün həyata keçirilməsi mürəkkəb prosesdir:
“Bizim yanaşmamız ondan ibarətdir ki, biz özümüz Xəzər regionuna uyğun standartlar hazırlamalı və onlara uyğun layihələr həyata keçirməli, infrastruktur yaratmalıyıq”.