Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BP şirkəti ilə birgə Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (Merkuri layihəsi) inşasına 2020-ci ilin sonu və ya 2021-ci ilin əvvəlində başlanıla bilər.
“Report” xəbər verir ki, bu barədə “STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter “Anadolu” agentliyinə bildirib.
“Hazırda layihə üzrə qiymətləndirmə və mühəndislik işləri həyata keçirilir. Yeni neft-kimya layihəsinin investisiya dəyərinin, təxminən, 1,8 mlrd. ABŞ dolları olacağı ehtimal olunur. SOCAR-ın Türkiyədəki bütün investisiyalarına nəzər salsaq, əsasən idxalın daha çox olduğu sahələrə yönəldiyini görərik. Bu layihənin də təməlində o strategiya var. Bu neft-kimya kompleksinin fəaliyyəti ilə Türkiyədə saflaşdırılmış tereftal turşusu (PTA) idxalı dayandırılacaq. Hazırda Türkiyənin neft-kimya məhsullarına tələbatının təxminən 18%-ni “Petkim” təmin edir. Yeni neft-kimya kompleksinin istismara verilməsi ilə bu göstərici 40%-ə yüksələcək”,- deyə M.İlter qeyd edib.
Onun sözlərinə görə, yeni neft-kimya kompleksinin 2024-cü ildə istismara verilməsi hədəflənir.
Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünyamiqyaslı neft kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb. Bu layihə ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal edəcək kompleksin inşasını nəzərdə tutur.