Yuxarı

SOCAR və 4 ölkə arasında İon Adriatik Boru kəməri ilə bağlı memorandum imzalanıb - ƏLAVƏ OLUNUB

İmzalanma avqustun 25-26-da keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub

İlk xəbər 10:04-də dərc olunub

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə dünən Anlaşma Memorandumu imzalanıb.

"Report" Xorvatiya KİV-inə istinadən xəbər verir ki, imzalanma avqustun 25-26-da keçirilən Dubrovnik Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğu 516 km təşkil edir. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr  olması nəzərdə tutulur.

***

Mərasimdən sonra Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Panenik bildirib ki, kəmər Cənub-Şərqi Avropaya qaz nəql edəcək.

"Biz İon-Adriatik qaz kəmərinin inkişafı ilə bağlı birgə təşəbbüsü müəyyən etdik. Ümid edirik ki, bu marşrut şimal və cənub arasında əlaqə olacaq və Avropada qaz nəqli bazarının tam sərbəstləşməsi üçün zəmin ola biləcək" - deyə nazir əlavə edib.

Bosniya və Herseqovinanın xarici ticarət naziri Mirko Saroviç deyib ki, rəsmi Bosniya və Herseqovinanın əsas tələbi boru kəmərinin bir hissəsinin bu ölkədən keçməsi olub: "Ümid edirik ki, bu hissə Neum dəhlizi ilə davam edəcək".

Nazir vurğulayıb ki, ölkəsi bu regional layihəni və yaxınlaşmanı dəstəkləyir.

Albaniyanın enerji və sənaye nazirinin müavini İlir Beytya diqqətə çatdırıb ki, Dubrovnik Forumunda qaz təminatında təhlükəsizliyin vacibliyi vurğulanıb. O əlavə edib ki, mənbələri şaxələndirməklə yanaşı, bu layihə qaz tədarükünü də sabitləşdirəcək.

***

Mərasimdə SOCAR-ın Balkan ölkələri üzrə təmsilçiliyi - "SOCAR Balkans"şirkətinin icraçı direktoru Murad Heydərov iştirak edib.

"Report"un Monteneqro KİV-inə istinadən verdiyi xəbərə görə, o, təmsil etdiyi şirkətin məqsədinin Xəzər və Adriatik dənizini birləşdirmək olduğunu bildirib.

M.Heydərov bütün işlərin plana uyğun olacağına ümid etdiyini əlavə edib. "İon-Adriatik kəmərinin daxil olduğu Cənub Dəhlizi bizim planların vacib seqmentidir. Bizim bu layihəyə cəlb olunan ölkələrlə çox yaxşı əməkdaşlığımız var" -, deyə M. Heydərov qeyd edib.

Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç isə bildirib ki, IAP kəməri ölkəsinin qazlaşdırılması üçün yeganə yoldur və hökumət layihə üzrə işlərin sürətləndirilməsi və müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlindən gələni etməyə hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi