SOCAR Ukraynanın pərakəndə satış bazarındakı planlarını açıqladı

SOCAR Ukraynanın pərakəndə satış bazarındakı planlarını açıqladı “SOCAR Energy Ukraine” 5 ədəd yanacaqdoldurma kompleksini zərərlə işlədiyinə görə satıb
Energetika
370
4 Noyabr , 2020 16:52
SOCAR Ukraynanın pərakəndə satış bazarındakı planlarını açıqladı

Bu ilin sonuna qədər “SOCAR Energy Ukraine” 3 yanacaqdoldurma məntəqəsinin açılışını nəzərdə tutur.

“Report”un məlumatına görə, bunu Ukrayna mətbuatına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov bildirib.

Onun sözlərinə görə, növbəti illə bağlı planlar isə koronavirus pandemiyasının gedişatı ilə bağlı olacaq.

İ.Orlov bildirib ki, əsas məqsəd milyonlarla əhalisi olan şəhərlərdə yanacaqdoldurma məntəqələrinin açılmasıdır: “Biz YDM şəbəkəsini Dnepropetrovsk, Lvov, Xarkov və təbii ki, paytaxt Kiyevdə inkişaf etdirəcəyik. Nəzərə alsaq ki, bu gün şirkətin Ukraynada 55 ədəd yanacaqdoldurma məntəqəsi mövcuddur, biz bu bazarda çox da böyük olmayan paya malikik. Şirkətin bazardakı payı təxminən 2,5-3% təşkil edir”.

İ.Orlov deyir ki, şirkət 2021-ci ildən başlayaraq hazırda mövcud olan elektrik enerjisi doldurulma məntəqələrinin sayını 2 dəfə artırmağı planlaşdırır: “Bu, çox güman ki, Ukraynadakı elektrik avtomobillərinin sayından və infrastrukturun inkişafından asılı olacaq. Hazırda elektrik avtomobillərin sahibləri milyonla əhalisi olan iri şəhərlərdə yaşayırlar. Hazırda şirkətin 5 ədəd elektrik enerjisi ilə doldurulan yanacaqdoldurma məntəqələri mövcuddur ki, bunlardan da 3 ədədi Kiyev-Odessa və Kiyev-Lvov yolunda yerləşirlər”.

“SOCAR Energy Ukraine”nin rəsmisi bildirib ki, şirkət 5 ədəd yanacaqdoldurma kompleksini satıb: “Bu YDM-lər Nikolayev vilayətindəki trasda yerləşirdi və zərərlə çalışırdı. Biz bu YDM-lərə müxtəlif təcrübə variantları, yeni məhsullar əlavə etsək də, bu yanacaqdoldurma məntəqələri qeyri-rentabelli idilər. Bu yanacaqdoldurma komplekslər isə “BRSM-Nafta” şirkətinə satılıb”.

Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir. Həmçinin Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub.

Son xəbərlər

Orphus sistemi