“SOCAR Türkiyə”nin Kayseri və Bursadakı qaz abonentlərinin sayı 1,8 milyonu ötüb

Energetika
  • 06 yanvar, 2023
  • 09:37
“SOCAR Türkiyə”nin Kayseri və Bursadakı qaz abonentlərinin sayı 1,8 milyonu ötüb

2019-cu ildə “Kayserigaz” və “Bursagaz” şirkətlərinin əksər səhmlərini əldə edən “SOCAR Türkiyə”nin abonent sayı 2022-ci ilin sonuna təxminən 1,825 milyona çatıb.

“Report”un Türkiyə məbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov bildirib.

Onun sözlərinə görə, bir tərəfdən səmərəli İdarəetmə ilə bağlı işləri apararkən, digər tərəfdən təbii qaz paylama sərmayələrini sürətləndirmək üçün bir çox addımlar atılıb: “Türkiyənin ən çox əhalisi olan şəhərlərindən biri olan Bursada 11 dağ bölgəsini təbii qaza çıxışını əlçatan etdik. Yenə bu müddətdə ölkənin qış iqlimində şəhər mərkəzindən 2 400 metr hündürlükdə olan Uludağa da təbii qaz çəkilib”.

O qeyd edib ki, “Bursagaz” 2019-cu ildə SOCAR Türkiyəyə qoşulandan bəri təxminən 1 000 km qaz xəttinin çəkilməsinə sərmayə qoyulub və abunəçi bazası 158 min əlavə abonent ilə təxminən 1,2 milyona çatdırılıb.

F.İbrahimov bildirib ki, Türkiyənin İç Anadolu Bölgəsinin sənaye lokomotiv şəhəri Kayseridə isə bu müddətdə 16 əyalətdən 10-na qaz çəkilib: “Digər tərəfdən, qalan 6 rayonun təbii qaz investisiya planı təsdiq edilib. 2022-ci ilin sonuna qədər 1 350 km qaz xətti çəkilib və ümumi qaz xəttinin uzunluğu 6 200 km-ə çatıb. Bu müddət ərzində Kayseridə qaz abunəçilərinin sayı 180 min abonent artaraq 625 minə çatdırılıb”.

Qeyd edək ki, 2020-ci ilin iyunun 17-də Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb. Bu şirkətlərin satınalma sənədləri 2020-ci ilin yanvar ayında imzalanıb.

“SOCAR Turkey Enerji A.Ş” Almaniyanın EWE şirkətindən satın aldığı şirkətlərin idarəçiliyi üçün “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətini təsis edib.