Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji” Türkiyədə kimya sektorunda 2019-cu il üzrə ən çox ixrac həyata keçirən şirkətlər arasında lider olub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət İstanbul Kimyəvi Maddələr və Məmulatlar İxracatçıları Birliyi tərəfindən mükafatını alıb.
Bununla bağlı mərasim koronavirus səbəbindən ilk dəfə olaraq onlayn formatda keçirilib.
“SOCAR Turkey” ümumi siyahıda lider olub, “Mineral yanacaqlar” kateqoriyasında isə “SOCAR Dağıtım” birinci, “STAR Rafineri” isə ikinci yerdə qərarlaşıb.
Mərasimdə “SOCAR Turkey”in emal və neft-kimya üzrə rəis müavini Rza Bozoklar bildirib ki, “Petkim”, “STAR Rafineri” və “SOCAR Dağıtım”ın 2019-cu il üzrə ümumi ixracı 3 mlrd. ABŞ dollarından yüksək olub.
“Bu məbləğlə Türkiyə iqtisadiyyatına verdiyimiz töhfəni bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasına baxmayaraq, fasiləsiz davam etdiririk. Bu töhfəni gələcək illərdə də davam etdirməyi hədəfləyirik”,- o qeyd edib.