SOCAR Rumıniya bazarında iştirakını genişləndirmək niyyətindədir
- 22 dekabr, 2021
- 10:19
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəkdə Rumıniya bazarında iştirakını genişləndirmək niyyətində olduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Rumıniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İqtisadiyyat naziri Florin Spataru Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və “SOCAR Petroleum” şirkətinin Baş direktoru Həmzə Kərimov ilə görüşüb.
"Azərbaycanın Rumıniyaya yatırdığı ən mühüm investisiyalar SOCAR-ın Rumıniyanın dövlət büdcəsinə 114 milyon avroya yaxın töhfə olmaqla 64 milyon avro məbləğində yatırımlardır", - H. Kərimov bildirib.
Görüşdə iki ölkə arasında investisiyalara üstünlük verilərək Rumuniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycanın Rumıniyadakı səfiri iki ölkə arasında əlaqələrin, əsasən, rumıniyalı investorların maraqlı ola biləcəyi tikinti sahəsində, eləcə də enerji infrastrukturunun inkişafı layihələrinin həyata keçirilməsi istiqamətində əlaqələrin dərinləşdirilməsinin zəruriliyini qeyd edib.
Eyni zamanda, diplomat Rumıniya və Azərbaycan şirkətləri arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sahələrinin yaradılması məqsədilə 2022-ci ilin birinci yarısında Birgə Hökumətlərarası Komissiyasının iclasını təşkilini xahiş edib.
“Azərbaycan-Rumıniya birgə hökumətlərarası komissiyanın yaradılması iki ölkə arasında ticarət dövriyyəsini artırmaq və şirkətlərə yeni tərəfdaşlıqlar qurmaq və yeni investisiya imkanlarını müəyyən etmək imkanı vermək üçün yaxşı fürsətdir. İqtisadiyyat Nazirliyinin vəzifəsi mikroelektronika və təbii sərvətlərdən səmərəli istifadə yolu ilə yenidən sənayeləşmədən ibarətdir. Məqsədim Rumıniyanın iqtisadi rəqabət qabiliyyətini milli əlavə dəyərli məhsullar vasitəsilə artırmaqdır ki, bu məhsullar daha sonra Azərbaycan və digər Xəzəryanı ölkələr kimi digər bazarlarda satıla bilər”, - deyə Florin Spataru bildirib.
Qeyd edək ki, SOCAR Rumıniyada neft məhsullarının pərakəndə satışı bazarında fəaliyyətə 2011-ci ildən başlayıb. Hazırda Rumıniyanın 26 regionunda "SOCAR" brendi altında 66 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu günə kimi şirkət ölkədə 550-yə yaxın iş yeri yaradıb.