SOCAR rəhbərliyi “Günəşli” yatağında təmir olunmuş dəniz özülünə səfər edib

SOCAR rəhbərliyi “Günəşli” yatağında təmir olunmuş dəniz özülünə səfər edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağının 4 saylı dərin dəniz özülündə aparılan kompleks təmir işləri ilə tanış olmaq məqsədi ilə özülə baxış keçiriblər.
Energetika
25 Oktyabr , 2021 17:55
SOCAR rəhbərliyi “Günəşli” yatağında təmir olunmuş dəniz özülünə səfər edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağının 4 saylı dərin dəniz özülündə aparılan kompleks təmir işləri ilə tanış olmaq məqsədi ilə özülə baxış keçiriblər.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkət rəhbərliyinə məlumat verilib ki, aparılmış diaqnostikanın nəticələrinə əsasən, bu ilin aprelində özülün dayaq blokunda, suüstü elementlərində təmir işlərinə başlanılıb. Dayaq blokunun 54 ayağından 18-i daha çox korroziyaya uğradığı üçün ilk növbədə onların gücləndirilməsi işləri həyata keçirilir. Sualtı təmizləmə və kəsmə işlərini dalğıclar yerinə yetirir. Özülün su səthindən yuxarıda qalan hissəsində təmir işlərini SOCAR-ın mütəxəssisləri aparır. Burada istifadə olunan xamutların yarımborularını “SOCAR-STP” MMC hazırlayır, sonra Zığ sahəsində yığılır, özülə nəql olunur. Suüstü elementlərdə istifadə olunan yarımboruları isə SOCAR-ın BOS Shelf şirkəti inşa edir. Artıq beş ayaqda xamutlar quraşdırılıb, doqquzunda bu proses davam edir, üçündə isə sementləmə işləri aparılır. Dayaq blokunun korroziyaya uğramış suüstü rabitə xətləri dəyişdirilir və yenilənir.

4 saylı dərin dəniz özülü 1984-cü ildə fəaliyyətə başlayıb. Özüldə ümumilikdə 20 quyu qazılıb. Bunlardan 10 quyu (9 neft və 1 qaz quyusu) bu gün istismar olunur. Özüldə gündəlik 265 ton neft və 1 ton kondensat hasil edilir. Gündəlik hasil olunan 108 min kubmetr qazın 44 min kubmetri təbii qaz, qalan 64 min kubmetri isə səmt qazıdır. Günəşli yatağının 4 saylı özülü üzərindən eyni zamanda digər özüllərdən də neft və yüksək təzyiqli qaz qəbul edilərək, ilkin texnoloji proseslər aparılmaqla Neft Daşlarına nəql edilir.

Son xəbərlər

Orphus sistemi