Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 7-də ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar verilmiş proqnozlar nəzərə alınaraq, səhər saat 10:00-dan etibarən “Qaz İxrac” İdarəsinin qrafikə uyğun olaraq bir sıra magistral qaz kəmərləri sahələrində apardığı təmir işlərinə həmin sahələrin əməkdaşları ilə birlikdə əlavə qüvvələr də cəlb olunub, işlər sürətləndirilib və gərgin fəaliyyət nəticəsində uğurla başa çatdırılıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hava şəraitinin pisləşməsi gözlənilən axşam saatlarına qədər bütün rayonlarda qaz təchizatı bərpa edilib. Hazırda Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında yaranmış məhdudiyyətlər tam şəkildə aradan qaldırılıb.