Bakı. 6 aprel. REPORT.AZ/ “Görülən işlər nəticəsində son 7 ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə çirkləndirici maddələrin miqdarında 16,7%, istilik effekti yaradan qazların miqdarında isə 45% azalma müşahidə olunub”.
“Report” xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
“Dayanıqlı inkişafın bir önəmli şərti də ətraf mühitin qorunması və bərpasıdır. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, SOCAR son 15 il ərzində ölkədə daha geniş vüsət tapan ekoloji hərəkatın ön sıralarında - Bakıda və neft hasil olunan bölgələrdə ətraf mühitin durmadan yaxşılaşdırılması və atmosferə atılan çirkləndirici maddələrin və istilik effekti yaradan qazların azaldılması məqsədilə bir çox layihələr həyata keçirib. Bu istiqamətdə SOCAR ilə BP şirkətləri arasında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda keçirilmiş “Məşəldə yandırılan səmt qazı həcminin azaldılması” layihəsini misal gətirmək olar”.
Onun sözlərinə görə, yalnız bu layihənin nəticəsində ildə, təqribən, 150 mln. kubmetrə yaxın səmt qazının atmosferə atılmasının qarşısı alınıb: “2006-cı ildən başlayaraq bu günə qədər SOCAR əməkdaşları Azərbaycanda daha əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 1900 ha-dan artıq torpaq sahəsini rekultivasiya edərək bərpa edib, həmin sahələrdə 700 mindən artıq müxtəlif ağac və kol bitkiləri əkiblər”.