​SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib

​SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib Ümumilikdə, 204 mənzil neftçilərə verilib
Energetika
18 Sentyabr , 2015 13:59
​SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün, 20 sentyabr - Neftçilər günü ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəsmiləri Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsinin Emin Quliyev prospektində tikilmiş iki yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak ediblər.

"Report"un verdiyi xəbərə görə, SOCAR prezidentinə məlumat verilib ki, istifadəyə verilən 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binaları 12 mərtəbədən, mansarddan və ümumilikdə, 204 mənzildən ibarətdir.

Binalar bütün kommunal xidmətlərlə təchiz edilib. Ümumi sahəsi 14 109,5 kv. metr ərazini əhatə edən binaların yaşayış sahəsi 8 235,9 kv. metrdir. Bundan başqa, 1 bloklu binanın birinci mərtəbəsində 505,2 kv. metr, 2 bloklu binada isə 963,6 kv. metrlik qeyri-yaşayış sahəsi də var. Binalarda 24 ədəd birotaqlı, 132 ədəd ikiotaqlı, 36 ədəd üçotaqlı və 12 ədəd dördotaqlı mənzil var.

Qeyd olunub ki, binaların eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdərəsi ilə razılaşdırılıb, inşaat işlərinə isə FHN-in rəyi əsasında 2014-cü ilin yanvar ayında başlanılıb. Binaların istilik sistemi mərkəzləşmiş qazanxana ilə əlaqələndirilib. Ərazidə 2 ədəd 300 kubmetrlik hovuz tikilib ki, bu da sakinlərin daimi olaraq isti və soyuq su ilə təchizatına zəmin yaradır. Binalarda Cənubi Koreya istehsalı olan yük və sərnişin liftləri quraşdırılıb. İnşaat işlərinin podradçısı isə “Tikinti-Quraşdırma ANKZ-2” ASC olub. Binaların ətrafı abadlaşdırılıb, sakinlərin səmərəli istirahətinin təşkili üçün şərait yaradılıb.

Sakinlər qarşısında çıxış edən R.Abdullayev qarşıdan gələn Neftçilər günü münasibətilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik edib. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirib, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb. Daha sonra R.Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşayiət edən şəxslərlə birlikdə mənzilləri gəzib, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olub. SOCAR prezidenti neftçilərə mənzillərin order və açarlarını təqdim edib.

Son xəbərlər

Orphus sistemi