Yuxarı
    Bağlamaq

    SOCAR prezidenti Malayziyanın “Petronas” şirkətinin nümayəndə heyəti ilə görüşüb

    Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

    Bakı. 23 may. REPORT.AZ/ Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin vitse-prezidenti Mohamad Johari Dasrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən bildirilib. 

    Qonaqları səmimi salamlayan SOCAR prezidenti Mohamad Johari Dasrini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Rövnəq Abdullayev SOCAR və “Petronas” arasında səmərəli ikitərəfli əlaqələrin yarandığını xatırladıb və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

    Səmimi qəbula və təbrikinə görə Rövnəq Abdullayevə minnətdarlığını bildirən “Petronas”ın vitse-prezidenti Mohamad Johari Dasri nümayəndə heyətinin üzvlərini SOCAR prezidentinə təqdim edərək bildirib ki, təmsil etdiyi şirkətin “Şahdəniz-2” layihəsinə qoşulmasından çox məmnundurlar. O, bu layihənin Malayziya və “Petronas” üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Azərbaycanın bütün dünyada qədim neft diyarı kimi tanındığını qeyd edən qonaq zəngin tarixə malik neft-qaz sənayemizin uğurlarını maraqla izlədiklərini söyləyib, Azərbaycanın və SOCAR-ın böyük önəm verdiyi bir layihədə “Petronas”ın da iştirak etməsindən şad olduqlarını deyib.

    Rövnəq Abdullayev “Şahdəniz” layihəsi üzrə görülən işlər barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində həyata keçirilən işlər qrafikə uyğun davam etdirilir, tərəfdaşlar layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün əzmlə çalışırlar. SOCAR prezidenti Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, boru kəmərlərinin inşası üzrə işlərin əvvəlcədən planlaşdırıldığı şəkildə aparıldığını, bu günlərdə layihənin əsas hissələrindən biri olan Trans-Adriatik Boru Kəmərinin təməlinin qoyulduğunu bildirib. Qeyd olunub ki, bütün bu proseslər 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə çatdırılmasının mümkün olacağına əminlik yaradır.

    Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi