​SOCAR prezidenti "ITRON Gas" şirkətinin nümayəndə heyətini qəbul edib

​SOCAR prezidenti "ITRON Gas" şirkətinin nümayəndə heyətini qəbul edib Şirkət Azərbaycana yüksək keyfiyyətli smart tipli qaz sayğacları idxal edir
Energetika
12 İyun , 2015 11:13
​SOCAR prezidenti ITRON Gas şirkətinin nümayəndə heyətini qəbul edib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev "ITRON Gas" şirkətinin prezidenti Marsel Regnierin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

SOCAR prezidenti Azərbaycanın bu günlər “Bakı 2015” I Avropa Oyunlarına ev sahibliyi etdiyini söyləyib, qonaqların bu oyunlar zamanı gözəl bir idman bayramı yaşayacağına əminliyini bildirib.

"ITRON Gas" şirkətinin prezidenti Marsel Regnier qısa bir müddətdə bu böyük tədbirin keçirilməsinə hazırlıq işlərinin başa çatdırılmasını yüksək qiymətləndirib, oyunların əhəmiyyətini vurğulayıb və bu münasibətlə Azərbaycanı təbrik edib. Daha sonra qonaq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə "ITRON Gas" şirkəti arasında möhkəm əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib, bu əməkdaşlığın qiymətli enerji mənbəyi olan qaz təchizatının daha səmərəli şəkildə idarə olunmasına töhfə vermək məqsədi daşıdığını söyləyib.

SOCAR prezidenti R.Abdullayev "ITRON Gas" şirkəti ilə əməkdaşlığın uğurla davam etdiyini, bu şirkətin “Azəriqaz” İB-yə yüksək keyfiyyətli smart tipli qaz sayğacları tədarük etdiyini vurğulayıb, Azərbaycanda regionların qazlaşdırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən söz açıb. O, Azərbaycanda qazlaşdırmanın inkişaf etmiş ölkələr səviyyəsində, keçmiş sovet məkanında isə birincilər səviyyəsində olduğunu, ölkənin sosial iqtisadi inkişafının mühüm amillərindən sayılan qazlaşdırma tədbirlərinin dövlət başçısı tərəfindən nəzarətdə saxlanıldığını söyləyib.

İtkilərin azaldılmasında, sənaye müəssisələrinə və əhaliyə verilən qazdan daha səmərəli istifadə olunmasında nəzarət ölçü cihazlarının rolunu nəzərə çatdıran SOCAR prezidenti bu baxımdan "ITRON Gas" şirkətinin rolunu yüksək qiymətləndirib. M.Regnier bu günlərdə Azərbaycanda "ITRON Gas" şirkətinin ixrac etdiyi 1 milyonuncu smart tipli qaz sayğacının quraşdırıldığını bildirib, bunun rəhbərlik etdiyi şirkət üçün böyük rəmzi məna daşıdığını söyləyib və bu münasibətlə həmin sayğaclardan birini SOCAR prezidenti R.Abdullayevə təqdim edib.

Son xəbərlər

Orphus sistemi