​SOCAR prezidenti İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb

​SOCAR prezidenti İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub
Energetika
15 Aprel , 2015 19:24
​SOCAR prezidenti İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb

Bakı. 15 aprel. REPORT.AZ/Bu gün SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İtaliya Respublikasının iqtisadi inkişaf naziri xanım Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev bu gün Bakıda keçirilmiş Azərbaycan-İtaliya işgüzar görüşünün iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına müsbət təsir edəcəyini bildirib. İtaliya şirkətləri ilə SOCAR arasında çoxşaxəli və sıx əməkdaşlıq əlaqələrinin yarandığını qeyd edib, “SOCAR Polymer” MMC ilə “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu arasında Sumqayıtda Polipropilen zavodunun inşası haqqında müqavilənin imzalanmasını yüksək qiymətləndirib. Rövnəq Abdullayev İtaliya şirkətlərinin bundan sonra da SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələrdə fəallıq göstərəcəklərinə əmin olduğunu bildirib.

İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidi də Azərbaycan-İtaliya işgüzar görüşünün əhəmiyyətini vurğulayıb və belə görüşlərin müxtəlif sahələrdə münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini söyləyib. Nazir ölkələr arasında əlaqələrin möhkəmlənməsində Cənub Qaz Dəhlizi layihəsinin, xüsusilə onun mühüm hissəsi olan Transadriatik (TAP) qaz boru kəmərinin əhəmiyyətindən danışaraq bildirib ki, bu layihə İtaliya və Avropa İttifaqı ölkələrinə qaz tədarük mənbələrini şaxələndirməyə təminat verəcək, regionun enerji təhlükəsizliyinə xidmət edəcək. Nazir qeyd edib ki, TAP layihəsinin rəsmiləşdirilməsi yekun mərhələyə qədəm qoyub və may ayının sonunadək TAP kəmərinin tikinti layihəsi üzrə bütün hazırlıq işləri başa çatacaq. Daha sonra o, başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini təqdim edib və İtaliya şirkətlərinin nümayəndələri qısa prezentasiyalar keçirərək SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.

Rövnəq Abdullayev bir çox İtaliya şirkətlərinin SOCAR-ın elan etdiyi tenderlərin qalibi olduğunu vurğulayaraq şirkətləri və iş adamlarını Cənub Qaz Dəhlizi” layihəsinin müxtəlif mərhələləri, eləcə də OGPC və ölkə daxilində həyata keçirilən digər layihələr üzrə keçiriləcək tenderlərdə daha fəal olmağa, səmərəli təkliflər verməyə dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi