SOCAR prezidenti “E.ON” şirkətinin nümayəndə heyətini qəbul edib

SOCAR prezidenti “E.ON” şirkətinin nümayəndə heyətini qəbul edib Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Energetika
23 Sentyabr , 2015 17:26
SOCAR prezidenti “E.ON” şirkətinin nümayəndə heyətini qəbul edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Almaniyanın “E.ON” şirkətinin baş icraçı direktoru Kristofer Delbrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Abdullayev “E.ON” şirkəti ilə SOCAR arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləyib, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yüksək səviyyəli belə səfərlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanda və SOCAR-da olmasından məmnunluğunu ifadə edən “E.ON” şirkətinin baş icraçı direktoru Kristofer Delbruk son illər iki şirkət arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını, bu əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını söyləyib.

R.Abdullayev 2013-cü il sentyabrında SOCAR və “E.ON” şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanmasının əhəmiyyətindən danışıb, bu müqavilənin iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlərin genişlənməsinə zəmin yaratdığını söyləyib.

Öz növbəsində, Kristofer Delbruk həmin müqavilə çərçivəsində 2014 və 2015-ci illərdə SOCAR əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Almaniyada, bu il iyulun 27-dən avqustun 9-dək “E.ON” şirkəti əməkdaşlarının uşaqları üçün Azərbaycanda yay düşərgələrinin təşkil edildiyini bildirib. O, almaniyalı uşaqlara göstərilmiş qonaqpərvərliyə görə SOCAR-a təşəkkürünü bildirib. K.Delbruk, həmçinin, magistral boru kəmərlərində fasilə yaratmadan yüksək təzyiq altında quraşdırma və təmir işlərinin aparılması üçün tətbiq olunan müasir texnologiyaların öyrənilməsi istiqamətində də iki şirkət arasında mütəmadi fikir mübadilələrinin aparıldığını vurğulayıb, mütəxəssislərin öz təcrübələrini bölüşdüklərini təqdir edib.

Daha sonra qonaqların xahişi ilə SOCAR prezident Avropanın enerji təminatı istiqamətində görülən işlərdən danışıb, bildirib ki, “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Boru Kəmərinin genişləndirilməsi, həmçinin TANAP layihələri üzrə tikinti işlərinə artıq başlanılıb. TAP layihəsi çərçivəsində də hazırlıq işlərinin qrafikə uyğun olaraq intensiv şəkildə davam etdirildiyini söyləyən R.Abdullayev "Cənub" qaz dəhlizi layihəsi çərçivəsində ilk qazın 2018-ci ilin ortalarında Türkiyəyə nəql olunacağına əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi