“SOCAR Polymer” ixrac gəlirlərini 16 % azaldıb
- 01 avqust, 2022
- 08:43
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 81,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Bu, 2021-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə 15,3 milyon ABŞ dolları və yaxud 15,9 % azdır.
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.